Elm və Təhsil Nazirliyi... - Gözləntilər

29 İyul 2022, 15:15
Elm və Təhsil Nazirliyi... - Gözləntilər
Elm və Təhsil Nazirliyi... - Gözləntilər

Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyev fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana uyğun olaraq, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək.

 

Fərmanla elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilir və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.

Bəs Elm və Təhsil Nazirliyindən hansı gözləntilər var? “Qafqazinfo” bununla bağlı bir sıra tanınmış ziyalıların mövqeyini təqdim edir:

Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev: “Hər bir xalqın və nəticə etibarilə bəşəriyyətin gələcəyi üçün təhsilin və elmin rolu əvəzedilməzdir. Mən təhsilin və elmin səviyyəsi deyərkən humanitar təhsil və elmləri əsla ayırmıram, tam əksinə, onların vəhdətini və bir-birini  tamamladığını düşünürəm. Azərbaycanda elm və təhsilin vəhdətinin ölkənin gələcək inkişafına verəcəyi töhfə çox əhəmiyyətlidir.  Milli Elmlər Akademiyasının potensialından universitetlərin elmi gücünün artırılmasında istifadə olunması müsbət nəticələr verəcək”.

Böyük Britaniyanın Durham Universitetinin professoru Nigar Haşımzadə: “Yeni struktur sistemi dünyanın ən yüksək standartlarına uyğunlaşdıracaq. Tələbə və müəllimlər müasir, yaxşı təchiz olunmuş laboratoriya və kitabxanalara çıxış əldə edəcəklər. Qeyd edək ki, Böyük Britaniyada universitetlərin yanında elmi-tədqiqat institutları ilə yanaşı, dövlət tərəfindən maliyyələşdirilən müstəqil tədqiqat institutları da fəaliyyət göstərir. Fundamental elmlər dövlət dəstəyi olmadan mövcud ola bilməz. Azərbaycanda elmi-tədqiqat və təhsilə dövlətin yorulmaz dəstəyini görmək təskinlik verir”.

Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov: “Azərbaycanda elmin təşkilində islahatlar vacibdir. Belə islahatlar iqtisadi islahatlarla birgə həyata keçirilməlidir. Burada elm və təhsilin inteqrasiyası vazkeçilməz həlqədir. Dünyada elmin, xüsusilə də fundamental elmin inkişafı daha çox universitetlərə bağlı olduğundan, Azərbaycanda elm və təhsil siyasətinin birgə əlaqələndirilməsini alqışlayırıq”. 

Fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov: “Elm ilə ali təhsilin inteqrasiyası zamanın tələbidir. Nəhayət, bu yola qədəm qoyulmasından məmnunam. Əlbəttə, çətin yoldur. Fərman sadəcə başlanğıc - bu yolda yandırılan yaşıl işıqdır. Yolu uğurla qət etmək isə elm adamları ilə inzibati qurumların bu birlikdəliyə nə dərəcədə hazır olmasından asılıdır. Qədəmləriniz uğurlu olsun!”

Texnika elmləri doktoru, professor Rafiq Əliyev: "Qüvvət elmdədir" dedikdə,  fiziki güc deyil, birlikdə qazanılan ümumi biliklər sayəsində formalaşmış qüvvə nəzərdə tutulur. Dünyada elmin əsas gücü universitetlərdədir. Buna görə də elm və təhsilin birgə idarəolunması ancaq ölkənin inkişafına təkan verəcək. Elm və Təhsil Nazirliyinə bu işdə uğurlar arzu edirəm”.

Millət vəkili Ceyhun Məmmədov: “Cənab Prezidentin ötən gün imzaladığı Fərman AMEA-nın ləğv olunması deyil, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədini daşıyır. Sözügedən Fərman elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin uğurla həyata keçirilməsinə, bu sahədə koordinasiyalı fəaliyyətin qurulmasına öz töhfəsini verəcək. İnanırıq ki, həm Elm və Təhsil Nazirliyi, həm də Milli Elmlər Akademiyası qarşısında qoyulan ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək. Bu qurumlara uğurlar arzulayıram!”.

ADA Universitetinin dekanı Anar Vəliyev: “Elm və təhsilin inteqrasiyasını çox müsbət qarşılayıram, yəni elmlə təhsil birlikdə olmalıdır. Biz Amerika, Avropanın nümunəsində görə bilərik ki, tədqiqat institutları universitetlərin nəzdində fəaliyyət göstərirlər. Bu zaman isə elmlə təhsil əl-ələ verib ixtiralar edirlər. Ona görə də elm ocağının yalnız tədqiqat aparması və təhsil, tərbiyə ilə məşğul olmaması Sovetlərdən qalan bir struktur idi. Elmlə təhsilin inteqrasiyası bugünkü tələblərə uyğundur. Bu tədqiqat institutlarının universitetlərin nəzdində fəaliyyəti gələcəkdə həmin universitetlərin tədqiqat tərəfinin güclənməsinə səbəb olar. Həmçinin yeni nəsil tədqiqatçıları yetişdirə bilərlər”.