e-Satınalmada iştirak üçün Dövlət Xidmətindən absurd həddə çatan sənəd tələbi

3 Noyabr 2022, 15:06
e-Satınalmada iştirak üçün Dövlət Xidmətindən absurd həddə çatan sənəd tələbi
e-Satınalmada iştirak üçün Dövlət Xidmətindən absurd həddə çatan sənəd tələbi

 

 

“e-Satınalma” müsabiqəsində iştirak etmək üçün 10-a yaxın müxtəlif sənəd tələb olunur. Onların içində borcun, əmlakdan sərbəst istifadə, yüklülüyün olub-olmamasına dair və s.arayışlar var. Adları sadalanan arayışları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elektron qaydada təqdim edir. e-dövlət satınalmalarını İN yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Deməli, arayışı təqdim edən də, arayışı tələb edən də, eyni nazirliyə tabedir. Bunu nəzərə alsaq, normal halda müsabiqədə iştirak edən sahibkardan bu arayışlar tələb olunmamalıdır. Amma, Antiinhisar Departamenti bu arayışları nəinki tələb edir, hətta onun notarial qaydada təsdiqini istəyir. Onu da qeyd edək ki, Vergi Xidməti arayışları AsanDoc Client proqramı üzərindən verir və aşağıda qeyd edir ki, bu sənəd onun çap və təsdiq olunmuş versiyasına bərabər qüvvəyə malikdir.

Antiinhisar Departamenti isə, doğma nazirliyin başqa bir idarəsinin verdiyi sənədə və dövlətin rəsmi ASAN imzasına inanmır. Sahibkarları notariat idarələrinə göndərir. Bəs notariat idarələr bu arayışın düzgünlüyünü necə yoxlayb, təsdiq edir?  Bəli, düz başa düşdünüz. Antiinhisar Departamentin inanmadığı həmin ASAN imza ilə:))

e-Satınalmalar haqqında danışarkən, daha bir absurd tələb sahibkarın son 5 ildə məhkumluğun olmaması haqda arayışın tələb olunmasıdır. DİN və ASAN xidmətin təqdim etdiyi bu arayışın cəmi 30 gün qüvvəsi var. Yəni, hər ay e-Satınalmada iştirak etmək istəyən sahibkar tıxaclarda qalmalı, növbələrdə durmalı, vaxt itirməli, cinayətkar olmadığı haqqında arayış almalıdır.