Dünyanın su problemi

22 Mart 2023, 18:08
Dünyanın su problemi
Dünyanın su problemi

Xəzərin səviyyəsinin 9-18 metr aşağı düşəcəyi proqnozlaşdırılır

 

22 mart Beynəlxalq Su Günü (Ümumdünya Su Resursları) günüdür. Yer üzünün 70 faizi su ilə örtülsə də, onun cəmi 2,5 faizi şirin sudur. BMT-nin ərzaq və kənd təsərrüfatı qurumunun məlumatına görə son 25 ildə dünyada şirin su ehtiyatları 20 faiz azalıb. Bu gün planetin hər 3 nəfərdən birinin əli şirin suya çatmır. Communication Earth & Environment dərgisində dərc olunan məqalədə həm də dəniz sularının kəskin azalacağına dair proqnozlar verilir. Məqalədə 21-ci əsrin sonuna Şimal Dənizinin səviyyəsinin 2-3 metr, Xəzərin səviyyəsinin isə 9-18 metr! aşağı düşəcəyi yazılır. Bu isə Xəzərin 23-34 faiz kiçiləcəyi deməkdir.

Azərbaycan su ehtiyatlarına görə Cənubi Qafqazda Gürcüstan və Ermənistandan sonra 3-cü yerdədir. Ötən yayda Kür çayının sularının öz mənsəbinə gəlib çatmadığının və Xəzər sularının 30 km-ə qədər çayın mənbəyinə doğru irəlilədiyinin  şahidi olduq. Dağlıq Qarabağ və onun ətrafının geri qaytarılması həmin regiona əlavə su mənbələri vəd edir. Amma həmin ehtiyatlar problemi tam həll edə bilməz, onu qismən yumşalda bilər.  Bakı və Bakı ətrafında da ciddi su problemi var.

Bu gün bizim kəskin su qıtlığı hiss etdiyimiz dövrdə, ondan da ağır başqa bir problemimiz var. Bu istifadə olunmuş və ya çirkab suların idarə olunmasıdır. Daha doğrusu onların idarə olunmamasıdır. Bu gün Bakı şəhərinin kanalizasiya suları ilə yağış suları eyni kommunikasiya ilə ötürülür. Ölkənin ən sıx məskunlaşdığı Bakı şəhərinin ətrafı və qəsəbələri kanalizasiya xəttləri ilə təmin olunmayıb. Çirkab sular həyətlərdəki quyulara axıdılır. Paradoks ondan ibarətdir ki, çirkab quyularından cəmi 15-20 m aralıda isə su quyuları qazılıb. Həmin quyuların suyu evdə, məişətdə geninə boluna istifadə olunur. Onların tərkibi ümumiyyətlə yoxlanmır. Zabrat, Savalan, Mərdakan, Bilgəh və digər qəsəbələrin bir çox yerlərində çirkab və yeraltı sular artıq üzə çıxaraq, bataqlıqlar və qamışlıqlar yaradıb. Son illər sakinlər arasında bağ evlərinə marağın artması və kənd rayonlarının sakinlərinin Bakı ətrafında məskunlaşması vəziyyəti daha da ağırlaşdırıb. Çirkab və yeraltı suların həcmi elə bir səviyyəyə gəlib çatıb ki, problemi həll etmək üçün (kommunikasiyalar vasitəsilə toplanması, təmzilənməsi, təkrar istifadəsi və s.) mövcud qiymətləri 3 dəfə qaldırmaqla da həll etmək mümkün olmayacaq. Öz gölümüzdə boğulmamaq arzusu ilə:)