Dünyada COVID-19-a yoluxma kəskin artdı

7 İyul 2022, 11:40
Dünyada COVID-19-a yoluxma kəskin artdı
Dünyada COVID-19-a yoluxma kəskin artdı

Gürcüstanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma halları kəskin artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, son iki həftə ərzində ölkədə epidemioloji vəziyyət dəyişib və yoluxma hallarında gündəlik artım qeydə alınır.

Qamkrelidze qeyd edib ki, ötən gün səhər koronavirusa 621 yoluxma halı qeydə alınıb. O əlavə edib ki, son iki ay ərzində gündəlik yoluxma adətən 30-50 təşkil edib və həftəlik yoluxanların sayı 100-200-ü ötməyib. Lakin son həftə ərzində təsdiqlənmiş yoluxma hallarının sayı 2 570-ə çatıb.

Baş epidemioloq yoluxma hallarının sayının artmasının yeni alt ştammlarla əlaqəli olduğunu, lakin xoşbəxtlikdən bunun əvvəlkilərdən daha aqressiv olmadığını vurğulayıb.

Qətərdə isə COVID-19-a yoluxma sayının artması səbəbindən qapalı yerlərdə maska ​​taxmaq məcburi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda COVID-19 üzərində işləyən İctimai Səhiyyə Şurası bu gün Nazirlər Şurasına təqdimat edib.

Baş verənləri qiymətləndirən Nazirlər Kabineti sabahdan etibarən qapalı yerlərdə maska ​​taxmağın məcburi olacağına qərar verib.

Bildirilib ki, yoluxma hallarının artması ilə əlaqədar tətbiq edilən maska ​​tələbi xəstəxanalar, ictimai nəqliyyat vasitələri, məscidlər, idman zalları, ticarət mərkəzləri, mağazalar və kinoteatrlar kimi bağlı yerləri əhatə edir.