Azərbaycanla Hindistan əczaçılıq sahəsində birgə müəssisələr yarada bilər

16 Mart 2023, 13:44
Azərbaycanla Hindistan əczaçılıq sahəsində birgə müəssisələr yarada bilər
Azərbaycanla Hindistan əczaçılıq sahəsində birgə müəssisələr yarada bilər

 

Azərbaycanla Hindistanın əczaçılıq sahəsində birgə müəssisələr yaratması potensialının araşdırılması ilə bağlı təklif var.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən əczaçılıq üzrə Azərbaycan-Hindistan biznes forumunda Hindistanın Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurasının (Pharmexcil) Tənzimləmə Şöbəsinin direktoru Lakşmi Prasanna bildirib.

Onun sözlərinə görə, Şuranın əhatə etdiyi 50-yə yaxın əczaçılıq şirkətinin nümayəndələrindən ibarət heyət Bakıda səfərdədirlər.

"Bu gün keçirilən görüş iki tərəf arasında əməkdaşlığın genişləndirilməsi üçün fürsətdir. Azərbaycanlı iş adamlarını Hindistan şirkətləri ilə yaxından əməkdaşlığa dəvət edirəm", - deyə qonaq qeyd edib.

O vurğulayıb ki, dünyanın əczaçılıq mərkəzi adını almış Hindistan çox əlverişli qiymətə və effektiv təsiri olan dərmanların istehsalı üzrə tanınır: "Biz beynəlxalq qeyri-hökumət təşkilatlarını ümumi dərman vasitələri, xüsusən retrovirus və vərəm əleyhinə dərman vasitələri ilə təmin edən dünyanın ən böyük təchizatçısıyıq. Hazırda 200-dən çox ölkəyə dərman ixrac edirik. Ümumdünya Səhiyyə Təşkilatının ümumi immunizasiya tələbləri baxımından Hindistan təxminən 65-70 %-lik payla peyvəndlərin ən böyük tədarükçüsüdür. Yalnız inkişaf etməkdə olan ölkələr deyil, həmçinin inkişaf etmiş ölkələr də Hindistan istehsalı olan dərmanlardan faydalanırlar. Hindistanın dərman ixracının 50 %-i Şimali Amerika və Avropaya istiqamətlənib. ABŞ Hindistan dərmanlarının ən böyük idxalçısıdır. Buna sərt tənzimləyici normalara uyğun keyfiyyətli dərmanların istehsalı sayəsində nail olunub. 2022-ci maliyyə ilində ixracımızın dəyəri 24,6 milyard ABŞ dollarına çatıb və bunun 30 %-i ABŞ-ın payına düşüb".

L.Prasannanın sözlərinə görə, MDB regionu Hindistanın əczaçılıq sənayesi üçün potensial bazarlardan biridir və ölkəsinin istehsalçıları bu regiona, xüsusən də Azərbaycan bazarına daxil olmağa can atırlar: " Azərbaycanın 850 milyon ABŞ dolları dəyərində əczaçılıq bazarında əsas yeri idxal tutur. Türkiyə, Avropa, Çin və Rusiya Azərbaycana dərman ixrac edən əsas tərəfdaşlardır. Hindistan isə ümumi idxalın 4-5%-ni təmin etməklə bu siyahıda 6-cı yerdədir".

Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar isə çıxışında bildirib ki, ötən il ölkəsi Azərbaycana 27,8 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib: "Hindistanın 200-dən çox əczaçılıq məhsulunun Azərbaycanda qeydiyyatdan keçməsi başqalarının bazara daxil olması və şaxələndirmə üçün yaxşı zəmin yaradır. Hazırda Hindistanın Azərbaycana əczaçılıq məhsulları ixracı azdır və bu sektorda iki ölkə arasında əməkdaşlıq üçün real imkanları əks etdirmir".

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı isə çıxışında bildirib ki, Hindistandan olan tərəfdaşları Azərbaycanda dəstəkləməkdən məmnundurlar: "Azərbaycanla Hindistan arasında ticarət əlaqələri inkişaf edir. Ölkəmizdə əczaçılıq üzrə Pirallahı Sənaye Parkı fəaliyyət göstərir, hindistanlı iş adamları bu ərazini nəzərdən keçirə bilərlər".