Azərbaycanda illik inflyasiya 14 %-ə yaxınlaşıb

14 Mart 2023, 23:30
Azərbaycanda illik inflyasiya 14 %-ə yaxınlaşıb
Azərbaycanda illik inflyasiya 14 %-ə yaxınlaşıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 113,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,3 %, qeyri-ərzaq məhsulları üzrə 112,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 % təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin fevral ayında isə istehlak qiymətləri indeksi yanvar ayına nisbətən 101,5 %, ötən ilin fevral ayı ilə müqayisədə 114,1 % olub.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 %, ötən ilin fevral ayı ilə müqayisədə isə 117,1 % təşkil edib. Ay ərzində ərzaq məhsullarından daha çox artım yulaf yarması, düyü, vafli, peçenye, mal və qoyun əti, balıq konservləri, sterilizə olunmuş üzlü süd, yoqurt, pendir, zeytun yağı, naringi, nar, alma, banan, soğan, kartof, kələm, xiyar, pomidor, şəkər, konfetlər, çay, kola içkisi, meyvə şirəsi və arağın, azalma isə qarabaşaq yarması, yumurta, günəbaxan və qarğıdalı yağları, həmçinin mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Fevralda qeyri-ərzaq məhsulları üzrə isə istehlak qiymətləri indeksi yanvara nisbətən 100,4 %, ötən ilin fevral ayı ilə müqayisədə isə 112,2 % təşkil edib. Qeyri-ərzaq məhsullarından daha çox artım boya, tozsoranlar, soyuducu, elektrik çaydanları, sintetik yuyuсu vasitələr, sabunlar, diş pastaları və dezodorantların, azalma isə kəsilmiş taxtalar, televizorlar və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 %, ötən ilin fevral ayı ilə müqayisədə isə 111,4 % olub. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım metro nəqliyyatında, şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərində, mənzillərin icarə haqlarında, paltarların və məişət cihazlarının təmiri xidmətlərinin qiymətlərində, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.