Azərbaycan qazı hansı ölkəyə neçəyə satılır? – QİYMƏTLƏR, ÖLKƏLƏR

3 Oktyabr 2022, 22:19
Azərbaycan qazı hansı ölkəyə neçəyə satılır? – QİYMƏTLƏR, ÖLKƏLƏR
Azərbaycan qazı hansı ölkəyə neçəyə satılır? – QİYMƏTLƏR, ÖLKƏLƏR

 

Xəbər verildiyi kimi, oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan qazını Avropaya daşıyacaq daha bir boru xəttinin - Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.

 

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.

Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.

FED.az xəbər verir ki, hazırda Azərbaycan 6 ölkə ilə qaz alqı-satqısı əməliyyatları aparır. Bunlardan İranla qaz əməliyyatları daha çox svop xatakteri daşıyır. Yəni Azərbaycanın Astaradan İrana ötürdüyü qazın müqabilində İran tərəfi də Naxçıvana qaz nəql edir.

Amma hətta bu əməliyyatda da təbii qazın müəyyən qiyməti qeyd edilir. Beləliklə

İranla qaz əməliyyatları – orta qiymət 38 dollar

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan İran tərəfinə ümumi qiyməti 6 milyon 445 min dollar olan 169,8 milyon kubmetr qaz nəql edib. Qazın 1 min kubmetrinin orta qiyməti 38 dollar təşkil edib. Eyni dövrdə Azərbaycan İrandan ümumi qiyməti 2 milyon 508 min dollar olan 66,1 min kubmetr qaz idxal edib. Bu halda da qazın orta qiyməti 38 dollar olub.

Gürcüstanla qaz əməliyyatları – orta qiymət 134 dollar

Bu ilin ilk 7 aynıda Azərbaycan Gürcüstana ümumi qiyməti 251 milyon 028 min dollar olan 1 867 470  min kubmetr qaz ixrac edib. Qazın 1 min kubmetrinin qiyməti 134 dollar təşkil edib.

Bolqarıstanla qaz əməliyyatları – orta qiymət 271 dollar

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Bolqarıstana hələlik kiçik miqdarda – 152,7 milyon kubmetr qaz ixrac edib. Qazın ümumi dəyəri 41 milyon 370 min dollar, 1 min kubmetrin orta qiyməti 271 dollar təşkil edib.

Türkiyə ilə qaz əməliyyatları – orta qiymət 298 dollar

Yarva-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumi dəyəri 1 milyard 485 milyon 174 min dollar olan 4 milyard 977 milyon 654 min kubmetr qaz ixrac edilib. 1 min kubmetr qazın orta qiyməti 298 dollar təşkil edib. 

İtaliya ilə qaz əməliyyatları – orta qiymət 1154 dollar

2022-ci ilin ilk 7 ayında Azərbaycan İtaliyaya 5 milyard 073 milyon 150 min kubmetr qaz ixrac edib. Qazın dəyəri 5 milyard 857 milyon 335 min dollar təşkil edib. Qazın orta qiyməti 1 min kubetr üçün 1154 dollar olub. 

Yunanıstan ilə qaz əməliyyatları – orta qiymət 1 249 dollar

Yanvar-iyul aylarında Azərbaycandan Yunanstana ümumi dəyəri 578 milyon 621 min dollar olan 436 milyon 397 min kubmetr qaz ixrac edilib.  1 min kubmetr qazın ixrac qiyməti 1 249 dollar təşkil edib.