200 manat kimlərə veriləcək, kimlər kənarda qalacaq?

23 Dekabr 2025, 19:41
200 manat kimlərə veriləcək, kimlər kənarda qalacaq?
200 manat kimlərə veriləcək, kimlər kənarda qalacaq?

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə imzaladığı sərəncam cəmiyyətdə böyük maraq doğurub.

Sərəncama əsasən, aztəminatlı ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək.

Lakin ən çox verilən sual da elə budur - 200 manat konkret olaraq kimlərə çatacaq?

Bu birdəfəlik yardım yalnız bir kateqoriya insanlara şamil olunur:

- Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələr

Yəni 2025-ci il dekabrın 30-na qədər ünvanlı sosial yardım rəsmi olaraq təyin olunmuş və bu yardım aktiv şəkildə ödənilən ailələr.

Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.

200 manatı almayacaq şəxslərin siyahısı isə genişdir. Burada da məsələ çox konkret və qətidir:

- Pensiya alanlar, müavinət alanlar, şəhid ailələri və qazilər, işsizlik müavinəti alanlar, sosial proqramlara qoşulan digər ailələr.

Həmçinin ünvanlı sosial yardıma müraciət edib, amma hələ təsdiq almayan ailələr, sənədləri baxılma mərhələsində olan ailələr də 200 manatlıq yardımdan kənarda qalacaq.

Pulu belə ödəyəcəklər

Burada da vətəndaşlar üçün rahat mexanizm nəzərdə tutulub:

- Yeni karta ehtiyac yoxdur, 200 manat mövcud sosial yardım kartına köçürüləcək. Heç bir müraciət, ərizə, sənəd tələb olunmur. Yardım proaktiv qaydada ödəniləcək. Yəni dövlətin elektron bazasında adı olan ailələrin kartına pul avtomatik yatırılacaq.

Prezidentin fərmanına əsasən yadımın ödənməsi üçün dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 15 milyon 300 min manat ayrılıb. Nazirlər Kabineti və Maliyyə Nazirliyinə icra tapşırığı verilib.

Əgər siz hazırda ünvanlı dövlət sosial yardımı alırsınızsa, 200 manat sizə ödənəcək. Əgər almırsınızsa, bu yardım sizə şamil olunmur. Burada nə istisna var, nə də əlavə şərt.